PAŞA Holding-in Aparat rəhbəri vəzifəsində çalışan Dəyanət Sədullayev 10 iyun 2024-cü il tarixindən etibarən PAŞA Sığorta şirkətinin Direktorlar Şurasının üzvü vəzifəsinə təyin olunub.
Dəyanət bəy, 2003 və 2005-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində İnzibati idarəetmə üzrə müvafiq olaraq bakalavr və magistr dərəcəsi almış, 2023-cü ildə Harvard Biznes Məktəbinin Biznes liderlik proqramınının məzunu olmuşdur. 2003-cü ildə mühasib olaraq peşəkar fəaliyyətə başlayan Dəyanət bəy, neft və qaz, tikinti, istehsalat sahələri də daxil olmaqla müxtəlif istiqamətlərdə təcrübə qazanmışdır. 2006-11-ci illərdə E&Y məsləhət və audit şirkətində, 2011-15-ci illərdə isə Kanadada maliyyə istiqaməti üzrə müxtəlif rəhbər vəzifələri icra etmişdir. Dəyanət bəy 2015-ci ildə PMD Group şirkətində Baş Maliyyə İnzibatçısı kimi işə başlamış və 2021-23-cü illər ərzində isə İdarə Heyətinin sədri vəzifəsini icra etmişdir. Bununla yanaşı, Dəyanət Sədullayev PMD Groupun törəmə şirkətləri olan PMD Projects, FMG, GLC, ALC, Design Bureau şirkətlərinin Ümumi Yığıncaqlarının sədri olaraq fəaliyyət göstərmişdir.
Qeyd edək ki, Dəyanət bəy 2012-ci ildən etibarən Amerika Auditorlar Palatasının daimi üzvüdür.
