Noyabrın 14-də “Azərbaycanda Dayanıqlı KOB Landşaftı” panelində PAŞA Bank, Deloitte Azərbaycan, Bioropean MMC və KOBİA-nın rəhbərləri iştirak etdilər. Panelin moderatoru qismində Kapital Bankın İdarə Heyətinin üzvü Fərid Hidayətzadə çıxış etdi. “İqlim Riskləri” panelində PAŞA Sığorta, PAŞA Həyat, WTW və Howden Group-un ekspertləri iqlim problemlərinə dair sığorta həllərini müzakirə etdilər. Panelin moderatoru PAŞA Sığortanın Rəqəmsal və Pərakəndə Biznes Blokunun rəhbəri Nurana Teymurova idi. PAŞA Holding-in PR və Kommunikasiya şöbəsinin rəhbəri Aytac Muxtarzadə isə BƏƏ Pavilyonunda keçirilən “İqlim Maliyyəsini Hamı üçün Yararlı Etmək” müzakirəsində iştirak etdi. Azərbaycan Pavilyonunda keçirilən “İqlim Maliyyəsi” panelində PAŞA Bank, Deloitte Netherlands və Mizuho Bank-ın nümayəndələri çıxış etdilər, panelin moderatoru isə EY şirkətinin İdarəedici Partnyoru İlqar Vəliyev idi.
Noyabrın 15-də “Emissiyaların Azaldılması” panelində Carbonaries, Elof Hansson Clean Tech GmbH və EY şirkətlərinin ekspertləri investisiya və kompensasiya strategiyalarını müzakirə etdilər. Paneli EY şirkətinin Regional Dayanıqlılıq Lideri Viktor Kovalenko idarə etdi. PAŞA Holding-in Baş Strateji İnzibatçısı Teymur Hüseynov isə “2030 Yenilənə Bilən Enerji Məqsədinə Nail Olmaq” panelində iştirak edərək, KPMG-nin beynəlxalq ekspertləri ilə birlikdə maliyyə, texnologiya və innovasiyanın yenilənə bilən enerji sahəsindəki rolu barədə danışdı. “Enerji Keçidi” müzakirəsində McKinsey, Baker Hughes, Nobel Energy, SOCAR-ın rəhbərləri ilə yanaşı Böyük Britaniyanın keçmiş Enerji və Təmiz İnkişaf naziri Kleyr O’Neil qlobal enerji məqsədləri və dayanıqlı praktikalar barədə müzakirə etdilər.
Gələcək günlərdə maraqlı panel müzakirələrini dinləmək üçün sizi COP29-un Yaşıl Zonasında yerləşən PAŞA Holding-in stendinə dəvət edirik.
