14Noyabr, 2024
Geri qayıt

PAŞA Holding, özəl sektorun iqlim dəyişikliyi ilə mübarizədə rolunu gücləndirmək və qlobal miqyasda müzakirələrə töhfə vermək məqsədilə COP29 tədbirində fəal iştirak edir.

Noyabrın 12-də baş tutan Korporativ Dayanıqlılıq panelində bizneslərin ekoloji, sosial və idarəetmə (ESG) prinsiplərini əsas əməliyyatlarına necə inteqrasiya edə biləcəyi mövzusu müzakirə edilib. Paneldə iştirak edən əsas simalar arasında Kapital Bank-ın Baş İcraçı Direktoru Fərid Hüseynov, Siemens Energy-nin Avropa və Asiya üzrə Baş Vitse-Prezidenti Frederik Doye, Masdar şirkətinin Baş Direktoru Mohamed Hameel Al Ramahi və PwC-nin Qlobal Davamlılıq Lideri Uill Cekson-Mur yer alıb. Müzakirəyə BMT Qlobal Sazişin Qlobal Meneceri Samir Məmmədov moderatorluq edib.

Noyabrın 13-də isə PAŞA Holdinqin baş icraçı direktoru Cəlal Qasımov, şirkətin dayanıqlılıq vizyonu haqqında panel müzakirəsində çıxış edib. Daha sonra PAŞA Holding-in Baş Strategiya İnzibatcısı Teymur Hüseynov karbon bazarının inkişafı mövzusunda sessiya keçirib. Bu sessiyada Earth Capital-ın həmtəsisçisi və Pro-Natura International-ın təsisçisi Marselo de Andrade ilə birlikdə karbon bazarının inkişafında yeniliklər və strategiyalar müzakirə olunub. Digər panel iştirakçıları arasında SOCAR Trading-in Əməliyyatlar üzrə Baş İnzibatçısı Taleh Musayev, DZ Bank-ın Qlobal Rəhbəri Frank Şeidig və Incapture şirkətinin həmtəsisçisi Peter Knez yer alıblar.

PAŞA Holding-in stendində gələcək günlərdə iqlim maliyyələşdirilməsi, emissiyaların azaldılması, elm, texnologiya, innovasiya və bir çox digər mövzular üzrə panel müzakirələri keçiriləcək. Hər kəsi Yaşıl Zonadakı pavilionumuza dəvət edirik!