14Oktyabr, 2024
Geri qayıt

IDEA İctimai Birliyi PASHA Qrupunun dəstəyi ilə növbəti təmizlik aksiyası təşkil edib.

Oktyabrın 10-da IDEA İctimai Birliyinin təşkilatçılığı və PASHA Qrupunun dəstəyi ilə Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirilib. “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil edilən aksiya ictimai çimərlik ərazisində baş tutub.

Təmizlik aksiyasında IDEA könüllüləri ilə yanaşı, “PAŞA Holding” və “PASHA Management Company” tərəfindən idarə olunan şirkətlərin 170-dən çox əməkdaşı, həmçinin “LANDAU School”un şagirdləri olmaqla ümumilikdə 250-dən çox şəxs iştirak edib. Aksiya zamanı zəruri sanitar ləvazimatlarla təchiz olunmuş iştirakçıların topladıqları 2 tona yaxın tullantı “Təmiz Şəhər” ASC-nin Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavoduna təhvil verilib.

“Sahillər təmiz qalsın!” şüarı altında keçirilən aksiyanın əsas məqsədi dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq və insanları dənizətrafı mühitin mühafizəsinə yönələn səylərə cəlb etməkdən ibarətdir. Xəzər dənizinin və Qafqaz regionunun digər su hövzələrinin unikal biomüxtəlifliyinin mühafizəsi məqsədilə IDEA çirkləndirilmiş sahilyanı ərazilərin təmizlənməsinə və bərpası üçün mütəmadi tədbirlər həyata keçirir.