26 aprel 2025-ci il tarixində Future Shapers proqramının açılış tədbiri baş tutub. Artıq 4-cü dəfə təşkil olunan proqram istedadlı universitet tələbələrini və yeni məzunları aşkar etmək, onların inkişafına töhfə vermək, eləcə də gənclərə bazarda yaranan yeni rollar barədə məlumat vermək məqsədini daşıyır.
Bu il Future Shapers Data və Analitika, İnformasiya Texnologiyaları, Məhsul Mədəniyyəti və İnnovasiya mövzulara yiyələnib. Tədbir çərçivəsində bu istiqamətlər üzrə maarifləndirici sessiyalar keçirilib. Spiker qismində PAŞA Holding-in və törəmə şirkətlərinin rəhbər şəxsləri öz təcrübələrini paylaşıb, texniki və rəqəmsal bacarıqlar sahəsində mövcud trendlər, PAŞA Qrupun baxışı, karyera və inkişaf imkanları barədə məlumat verib, bazarda yaranan yeni rollar barədə bəhs ediblər.
Növbəti mərhələdə iştirakçıları qabiliyyət imtahanı, eləcə də müasir dövr üçün zəruri bacarıqların inkişafına yönəlmiş biznes simulyasiya gözləyir. Yüksək nəticə göstərən gənclər PAŞA Qrup-un istedad bazasına daxil olmaq imkanı qazanacaqlar.
Qeyd edək ki, proqram PAŞA Holding-in Təlim və İnkişaf mərkəzi olan PAŞA Hub tərəfindən təşkil olunur. PAŞA Hub yalnız PAŞA Qrup şirkətlərinin əməkdaşlarının inkişafına deyil, həm də ölkəmizdə gənc istedadların dəstəklənməsinə və inkişafına yönəlmiş proqramların keçirilməsinə xüsusi önəm verir.
