30İyun, 2024
Geri qayıt

BMT Azərbaycan və PAŞA Holding-in təşkilatçılığı ilə “29 İqlim Söhbəti: COP29-a gedən yol” Proqramı çərçivəsində növbəti tədbir keçirilib.

BMT Azərbaycan və PAŞA Holding-in təşkilatçılığı ilə “29 İqlim Söhbəti: COP29-a gedən yol” Proqramı çərçivəsində növbəti tədbir keçirilib.

BMT-nin Azərbaycandakı nümayəndəliyi və PAŞA Holding-in birgə əməkdaşlığı ilə keçirilən “29 İqlim Söhbəti: COP29-a gedən yol”da növbəti tədbir “Davamlı Biznes Təcrübələri: ESG-nin (ƏSİ) Korporativ Strategiyaya İnteqrasiyası” mövzusuna həsr olunub. PAŞA Holding ilə birgə təşkil olunan ikinci tədbirdə PAŞA Qrup şirkətlərinin 200-dən çox KOB, dövlət və korporativ müştəriləri iştirak edib.

Tədbirdə PAŞA Holding-in Baş Strategiya İnzibatçısı Teymur Hüseynov, COP29 Azərbaycan şirkətinin baş icraçı direktoru Elnur Soltanov və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva açılış nitqləri ilə çıxış ediblər. O cümlədən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC), proqramlar üzrə koordinatoru, COP29 Prezidentliyinin əlaqələndiricisi və meneceri Niclas Svenningsen və EY şirkətindən bir çox ekspert detallı təqdimatlarla çıxış ediblər. Tədbir zamanı qonaqlar üçün Qarabağ Dirçəliş Fondunun hazırda icra etdiyi ekoloji layihələrə ianə etmək imkanı da yaradılıb.

Tədbirin məqsədi şirkətlərin ESG (ƏSİ) prinsiplərini əsas biznes strategiyalarına necə inteqrasiya edə biləcəklərini vurğulamaq olub. Müzakirələrdə davamlılığın korporativ idarəetmə, əməliyyatlar və mədəniyyətə daxil edilməsi üçün praktik addımlar üzərində dayanılıb. Həmçinin, tədbirdə 2024-cü ilin noyabr ayında Bakıda keçiriləcək olan COP29-a dair məsələlərə diqqət yetirilib.

Ümumilikdə “29 İqlim Söhbəti: COP29-a aparan yol” proqramı çərçivəsində PAŞA Holding-in təşkilatçılığı ilə 4 tədbirin keçirilməsi nəzərdə tutulur ki, onlardan 2-si artıq baş tutub. Belə ki, bu tədbirlər PAŞA Qrupun əməkdaşları və müştəriləri üçün keçirilib. Digər iki tədbir isə yaxın aylarda yerli və beynəlxalq media nümayəndələri və qeyri-hökumət təşkilatları üçün keçiriləcək.