BMT-nin Azərbaycandakı nümayəndəliyi və PAŞA Holding-in birgə əməkdaşlığı ilə keçirilən “29 İqlim Söhbəti: COP29-a gedən yol”da növbəti tədbir “BMT-nin İqlim Dəyişikliyi Konfransına Ümumi Baxış: Özəl Sektor Perspektivləri” mövzusuna həsr olunub. Silsilədən dördüncü, PAŞA Holding ilə birgə ilk dəfə təşkil olunan tədbirdə PAŞA Qrup şirkətlərinin 200-dən çox əməkdaşı iştirak edib.
Tədbirdə PAŞA Holding-in Qrup üzrə Strateji İdarəetmə Departamentinin direktoru Teymur Hüseynov, COP29 Azərbaycan şirkətinin baş icraçı direktoru Elnur Soltanov və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva açılış nitqləri ilə çıxış ediblər. O cümlədən UNFCCC-nin Hökumətlərarası Dəstək və Kollektiv Proqres Departamentinin Direktoru Sesiliya Njenqa, BMT Qlobal Sazişinin Ətraf Mühit və İqlim üzrə Rəhbəri Fernando Castellanos və Sustainera Solutions şirkətinin Təsisçisi və İcraçı Direktoru İlkin Hacıyev detallı təqdimatlarla çıxış etdilər. Tədbir zamanı əməkdaşlar üçün Qarabağ Dirçəliş Fondunun hazırda icra etdiyi ekoloji layihələrə ianə etmək imkanı da yaradılıb.
“29 İqlim Söhbəti: COP29-a aparan yol” proqramı qlobal iqlim böhranı ilə mübarizə aparmaq üçün müxtəlif sektorlar arasında birgə fəaliyyət və dialoqu təşviq etmək məqsədi daşıyır. PAŞA Holding-in dəstəyi ilə təşkil olunacaq bu silsilənin növbəti tədbirlərində yerli və beynəlxalq media nümayəndələri, müştərilər, tərəfdaşlar və qeyri-hökumət təşkilatları ilə BMT-nin müxtəlif qurumlarının mövzu ilə bağlı ekspertlərinin iştirakı nəzərdə tutulub.
