PAŞA Holdinqdə hər hansı bir vakansiya açıq elan olunduğu zaman ilk növbədə “PAŞA Holding” MMC-nin saytı olmaqla bir sıra internet resursları vasitəsilə elan yerləşdirilir. Müraciət etmə qaydaları bir qayda olaraq elanda göstərilir.
Seçim prosesində, bir qayda olaraq, online anket vasitəsilə daxil olan CV-lərə üstünlük verilir.
Müraciət edən namizəd online anket formasını doldurduqdan və təsdiq etdikdən sonra müvafiq bildiriş alacaq.
Vakansiya elan edildikdən sonra işəqəbul prosesinin ilkin mərhələsində İnsan Resursları departamentinin nümayəndəsi daxil olan müraciətləri nəzərdən keçirir və bilik və bacarıqları vakansiya elanında göstərilən şərtlərə daha çox uyğun gələn namizədləri növbəti mərhələ üçün dəvət edir.
PAŞA Holdinqdə işəqəbul prosesi bir qayda olaraq bir neçə mərhələdən ibarət olur: CV-lərin ilkin seçimi, test mərhələsi (texniki və nəzəri və/və ya IQ səviyyəsinin yoxlanılması, psixonometrik testlər və s.), ilkin panel müsahibəsi mərhələsi, və Şirkətin Direktoru və İR Direktoru / Meneceri ilə müsahibə.
PAŞA Holdinqdə hər bir vəzifə üçün əməkhaqqı aralığı nəzərdə tutulub. Əməkhaqqı ilə bağlı bütün müzakirələr yalnız ikinci müsahibə mərhələsi zamanı aparıla bilər və bu namizədin bilik və bacarıqları ilə əlaqəli olub, cari vakansiya üçün təyin edilmiş maksimal məbləğdən artıq ola bilməz.
Tələb olunan keyfiyyətlər daha çox namizədin bilik və bacarıqlarını, habelə peşəkar təcrübəsini və onun PAŞA Holdinq komandasına uyğunluğunu əks etdirir. PAŞA Holdinqə müraciət edən namizədlər peşəkar keyfiyyətlərdən öncə aşağıda göstərilən kompetensiyalara malik olmalıdırlar:
Deyilənlərə və qarşı tərəfin dəyərlərinə uyğun şəkildə davranmalıdır;
Öz davranışını PAŞA Holdinqin ehtiyacları, prioritetləri və hədəflərinə uyğunlaşdırmalıdır;
Şəxsi iradəyə malik və mükəmməllik standartına cavab vermək və ya onu üstələmək üçün səy göstərməli, eyni zamanda səmərəli nəticələr əldə etməyə diqqət yetirməlidir;
Müştərək hədəflərə çatmaq üçün həmkarları ilə məqsədyönlü şəkildə işləməli və qarşılıqlı əməkdalığı təşviq etməlidir;
Daxili və xarici müştərilərin ehtiyaclarını başa düşməli və uzunmüddətli, davamlı münasibətlər yaradaraq etibarlı biznes tərəfdaşı qismində çıxış etməlidir.
CV-lərin ilkin seçim mərhələsindən seçilərək növbəti mərhələyə dəvət olunan namizədlər ilə telefon vasitəsilə əlaqə saxlanılaraq növbəti mərhələnin tarixi və vaxtı təyin edilir.
Hər hansı mərhələni uğursuz başa vuran namizədlərə 7 iş günü ərzində elektron poçt vasitəsilə müvafiq məlumat göndərilir.