PAŞA Bank Türkiyə korporativ və investisiya bankçılığı olmaqla iki əsas sahədə fəaliyyət göstərir.
2015-ci ilədək Bank müxtəlif qruplar tərəfindən idarə olunub. 2015-ci ilin dekabr ayında səhmlərinin 99.92%-i baş ofisi Bakıda yerləşən regionun maliyyə təşkilatı "PAŞA Bank" ASC-yə ötürülüb. 2018-ci ilin iyun ayında Bankın səhmlərinin strukturu dəyişib: səhmlərin 49%-i “PAŞA Holding” MMC-yə, 51%-i isə “PAŞA Bank” ASC-yə məxsus olub. 2023-cü ildə PAŞA Bank ASC-yə məxsus səhmlərin PAŞA Holding MMC tərəfindən alınması ilə PAŞA Holding MMC-nin Bankdakı birbaşa payı 49%-dən 71,75%-ə yüksəlib.
31 dekabr 2023-cü il tarixinə Bankın aktivləri 10,467 milyard TL-ni, məcmu kapitalı isə 1,884 milyard TL-ni keçib.
"Fitch Ratings" beynəlxalq reytinq agentliyi “PAŞA Bank Türkiyə”nin Milli Uzunmüddətli Reytinqini A-(tur) səviyyəsinə yüksəldərək, bankın strategiyasının doğruluğunu təsdiqləyib. “PAŞA Bank Türkiyə”, Türkiyədə 2020-ci il ərzində kredit reytinqini artıran yeganə bank olub. "JCR Eurasia Rating", "PAŞA Bank"-ın Korporativ İdarəetmənin Əsasları reytinqini yenidən nəzərdən keçirərək, 9.11-dən 9.20-ə kimi yüksəldib, reytinq üzrə proqnozunu isə "Sabit" olaraq təyin edib.
"PAŞA Bank Türkiyə" fəaliyyətini İstanbulda yerləşən baş ofisindən idarə edir.
PAŞA Bank Türkiyə, Azərbaycan və Gürcüstan arasında ticarətin inkişafına töhfə vermək və regiona investisiya yatıran müəssisələri resurs və təlimatla təmin etmək məqsədilə korporativ və investisiya bankçılığı məhsulları vasitəsilə sahibkarlara xidmət göstərir.