19Dekabr, 2022
Geri qayıt

PAŞA Holding Vətən müharibəsi şəhidlərinin övladlarına dəstək proqramına start verir

PAŞA Holding 44 günlük Vətən Müharibəsində şəhid olan qəhrəmanlarımızın 18 yaşadək olan övladları üçün sosial dəstək proqramına start verir. Proqrama əsasən, 2023-cü il ərzində hazırda 18 yaşadək olan şəhid övladları üçün təhsil, səhiyyə və digər sahələr üzrə sosial layihələr həyata keçiriləcək.

PAŞA Holding və PAŞA Sığorta şirkətləri 18 yaşadək olan şəhid övladları üçün yanvar ayından etibarən xüsusi sığorta paketi təqdim edəcək. Genişləndirilmiş sığorta paketində həm stomatologiya, həm də xroniki xəstəliklərinin müalicəsinə dəstək əhatə olunacaq.

Həmçinin, il ərzində Yeni il, Novruz Bayramı, Qurban Bayramı, Ramazan Bayramı və Zəfər günü münasibətilə şəhid övladı olan ailələrə PAŞA Holding və Bravo supermarketlər şəbəkəsi tərəfindən müxtəlif məhsullardan ibarət bayram paketləri təqdim ediləcək. Bu silsilədən ilk sövqatlar artıq bu il 22 dekabr tarixindən etibarən Bravo supermarketlər şəbəkəsi və Regional İnkişaf İctimai Birliyi tərəfindən sözügedən şəhid ailələrinə çatdırılacaq.

PAŞA Holding artıq bir neçə ildir aztəminatlı ailələrin birinci sinifə gedən övladlarını sentyabr ayında məktəbli ləvazimatları ilə təmin edir. Sosial Məsuliyyət proqramı çərçivəsində, 2023-cü ildə bu siyahıya Vətən müharibəsi zamanı şəhid olan şəxslərin məktəbli övladları da əlavə olunacaq.

44 günlük müharibədə şəhid olan şəxslərin övladları üçün 2023-cü ildə keçiriləcək bu sosial proqramın ümumilikdə 2 milyon azn təşkil etməsi nəzərdə tutulub.

Qeyd edək ki, 2020-ci ildən etibarən PAŞA Holding-in əsas məqsədləri sırasında vacib yerlərdən birini Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpası və yenidən qurulmasına, bu ərazilərdə dayanıqlı iqtisadiyyatın formalaşmasına töhfə vermək, Vətən müharibəsinin şəhid və qazi ailələrinə dəstək göstərmək təşkil edir. Bunu nəzərə alaraq, şirkət cari proqramların uzunmüddətli davam etməsi planlaşdırır. Təlabatdan asılı olaraq, növbəti illərdə proqramda müvafiq dəyişikliklərin edilməsi də mümkündür.