29May, 2020
Geri qayıt

“PAŞA Coding Bootcamp” kurslarının buraxılış günü

29 may 2020-ci il tarixində “PAŞA Holding” MMC-nin Algoritmika Beynəlxalq Proqramlaşdırma Məktəbinin (Mail.ru tərəfdaşı) dəstəyi ilə təşkil etdiyi "PAŞA Coding Bootcamp" adlı veb-tərtibat üzrə intensiv kurs tələbələrinin buraxılışı baş tutub. Ölkədə və dünyada yer alan pandemiya şəraitini nəzərə alaraq, buraxılış günü onlayn formatda həyata keçirilib.

Bootcamp kursunun məqsədi proqram iştirakçılarına 12 həftə ərzində veb-tətbiqlərin yaradılması, onların dizaynının sıfırdan qurulması və hazır məhsulun təqdim edilməsi istiqamətində praktiki biliklərin verilməsidir. Ölkədə karantin rejimi elan olunduğu gündən, Algoritmika komandası proqramın keyfiyyətini azaltmamaq şərtilə, dərs proqramını nəzərdən keçirib, kursları onlayn formatda davam etdirib. Sözügedən kursların final mərhələsinə yalnız 23 nəfər keçə bilib. Bu şəxslər PAŞA Qrup şirkətlərində kiçik veb-tərtibatçı vəzifəsində çalışmaq üçün namizəddirlər.

Qeyd edək ki, PAŞA Qrupa daxil olan şirkətlər ölkədə İT istiqamətinə marağın artırılmasına böyük önəm verir və bu istiqamətdə müxtəlif tədbirlər həyata keçirirlər. Belə ki, ilin əvvəlindən PAŞA Bank İT mütəxəssislərinin potensialını və Azərbaycan gənclərinin bu sahəyə olan marağını artırmaq məqsədilə “PAŞA Bank Cup”ın keçirilməsi təşəbbüsü ilə çıxış edib. “PAŞA Holding” MMC isə öz növbəsində eyni məqsədi hədəfləyərək ölkə universitetlərinin İT sahəsinə yönəlmiş fakültələrini, habelə universitetlərin startap və təqaüd proqramlarını dəstəkləyir.