“PAŞA Holding” və onun törəmə şirkətlərinin dəstəyi, Qarabağ Dirçəliş Fondu və Ekologiya və Təbii Sərvətlər nazirliyinin təşkilatçılığı ilə yeni il ərəfəsində Qarbağda sosial layihəyə start verilib.
Layihənin məqsədi işğaldan azad edilmiş ərazilərimizdə meşə massivinin bərpa edilməsidir. Bu layihə çərçivəsində Zəngilan şəhərində “PAŞA Qrup” şirkətləri tərəfindən ümumilikdə 11 min ağacın əkilməsi nəzərdə tutulub.
“PAŞA Holding”-in Baş İcraçı Direktorunun müavini Şahin Məmmədov öz çıxışında hazırkı layihənin önəmini vurğulayıb. “Ötən ildən etibarən şirkətlərimiz öz strategiyalarının bir hissəsi olaraq azad edilmiş ərazilərin bərpasına xüsusi diqqət ayırır. Yeni il ərəfəsində, Zəngilanda ekoloji tarazlığın bərpası, meşə massivinin salınması məqsədilə Qarabağ Dirçəliş Fondu, Ekologiya və Təbii Sərvətlər nazirliyi ilə birgə tərəfdaşlıq çərçivəsində “Zəfərdən dirçəlişə” adlı layihədə iştirak etdik. Bu mühüm addım “PAŞA Qrup”a daxil olan şirkətlər və eyni zamanda tərəfdaşlarımız tərəfindən çox müsbət qarşılandı. Bu kimi layihələrin daha da iri miqyasda davam edəcəyinə ümid edir və yaxın zamanda Qarabağın tam dirçəlişinin şahidi olacağımıza inanırıq. Bu məqsədlə, ölkəmizin bütün iri şirkət və şirkətlər qruplarını aktiv olmağa və bu təşəbbüsə qoşulmağa dəvət edirik. Gəlin Qarabağımızı birlikdə dirçəldək”, – deyə Şahin Məmmədov qeyd edib.
Qeyd edək ki, PAŞA Qrup şirkətləri həm müharibə zamanı, həm də müharibədən sonrakı dövrdə cəbhəyə dəstək yönümlü layihələr icra ediblər.