“PAŞA Holding" MMC-nin baş icraçı direktorunun müavini Rövşən Allahverdiyev ikinci “Yüksəliş” müsabiqəsinin mentorluq proqramı çərçivəsində müsabiqə qalibləri Camal Nağıyev və Xanbaba Sultanlı ilə görüş keçirib.
Layihənin idarəçi rəhbərlərindən biri olaraq Rövşən Allahverdiyev müsabiqə qalibləri ilə bir illik fərdi inkişaf planının nəticələrini müzakirə edib və qaliblərin peşəkar bacarıqlarının gələcəkdə daha da artırılması istiqamətində yekun məsləhətlərini verib.
İkinci “Yüksəliş” müsabiqəsinin qalibləri isə öz növbələrində mentorluq proqramı çərçivəsində "PAŞA Holding"in baş icraçı direktorunun müavini ilə tanışlıq imkanına və bütün bu müddət ərzində göstərilmiş dəstəyə görə, eləcə də səmimi münasibətə görə Rövşən bəyə təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.