5 fevral 2025-ci il tarixində PAŞA Holding və onun törəmə şirkətləri tərəfindən təşkil edilən, hüquq sahəsində peşəkarları, ekspertləri və texnologiya liderlərini bir araya gətirən “LEGIS Hüquq Forum”u uğurla başa çatdı.
Sözügedən forum Azərbaycanda bu silsilədən ilk tədbir olaraq, dövlət rəsmiləri, özəl sektorun nümayəndələri, həmçinin 500-ə yaxın hüquq peşəkarını bir araya gətirən tədbir oldu.
Forumun məqsədi dövlət-özəl sektorları arasında hüquq mövzusu üzrə əməkdaşlığı daha da təşviq etmək, hüquq mütəxəssisləri üçün bilik mübadiləsi təşkil etmək, əsas qanunvericilik islahatlarını müzakirə etmək və mövcud hüquqi boşluqları dəyərləndirmək üçün dinamik bir platforma yaratmaq idi.
Tədbirin açılış mərasimində Azərbaycan Republikasının İqtisadiyyat Naziri Mikayıl Cabbarov, Azərbaycan Respublikasının Ədliyyə Naziri Fərid Əhmədov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev, Azərbaycan Respublikasın Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, PAŞA Holding-in Baş icraçı direktoru Cəlal Qasımov, eləcə də PAŞA Holding-in Qrup üzrə Hüquq və Komplayens Departamentinin direktoru Aytac Qasımova çıxış ediblər.

