1Yanvar, 2021
Geri qayıt

Cəlal Qasımov: Düşünürəm, birgə səylərimiz nəticəsində Qarabağ yaxın gələcəkdə regionun mərkəzinə çevriləcək

Salam, Cəlal m. Dəvətimizi qəbul etdiyiniz üçün təşəkkür edirik.

Salam. Dəvətiniz üçün mən Sizə təşəkkür edirəm. Sizi görməyə şad oldum.

Bilirik ki, müharibə dönəmi bütün şirkətlər üçün də yeni bir təcrübə idi. Bizimlə Şirkətinizin bu dönəmdə ümumi əhval-ruhiyyəsini bölüşə bilərsinizmi?

Əlbəttə. İlk öncə sizinlə mövqeyimi sıravi Azərbaycan Vətəndaşı olaraq bölüşmək istərdim, əslində. Bu dönəm, Siz də qeyd etdiyiniz kimi, hamı üçün çox həyacanlı, eyni zamanda narahatçılıqlarla dolu bir dönəm idi. 27 sentyabr ilk olaraq müharibə xəbərini eşidəndə, yəqin ki, bütün Azərbaycan xalqı təşvişə düşdü, çünki xəbər kifayət qədər gözlənilməz idi əhali üçün. Lakin artıq ilk günlərdən ölkə rəhbərliyi tərəfindən əhaliyə olan müraciətlər və kommunikasiya düzgün qurulduğu üçün, hamı mütəmadi olaraq məlumat alırdı və nə etməli olduğunu bilirdi. Hamı bilirdi ki, biz heç vaxt olmadığımız kimi həmrək, bir və güclü olmalıyıq və hər bir vətəndaş öz yerində öz işini dəqiq yerinə yetirməlidir ki, ümumi mexanizm bir vahid amal uğrunda irəli addımlasın. Ona görə, biz elə ilk günlərdən həm fərd olaraq, həm də təşkilat olaraq nə edəcəyimizi bilirdik. Təşkilat olaraq biz səylərimizi 2 istiqmətdə yönəltmişdik. İlkin olaraq biz düşünürdük ki, hər bir vətəndaşın başlıca borcu informasiya müharibəsində iştirak etmək idi. Əlbəttə, bu fəaliyyət ölkə rəhbərliyi tərəfindən strateji səviyyədə mükəmməl aparılırdı. Lakin vətəndaşlar bu mübarizəni əməliyyat səviyyəsində aparmalı idilər ki, həqiqət bütün kommunikasiya məkanlarında dünyaya çatdırılsın. Buna görə, biz şirkətlərimiz daxilində mütəmadi kommunikasiya apararaq, əməkdaşlarımıza düzgün informasiya müharibəsi aparmaları üçün istiqamətlər verirdik. Bundan əlavə, bizim şirkət direktorlarımız da kifayət qədər izləyici kütləsinə sahib olduqlarını nəzərə alaraq, mütəmadi olaraq strateji kommunikasiya istiqamətində səylərini əsirgəmirdilər.

Əla, həqiqətən də informasiya müharibəsi bu dövrdə fundamental rol oynayırdı və Sizin də bu istiqamətdə işlər görməyiniz sevindiricidir. Bəs təşkilat kimi fokus olduğunuz ikinci məqam hansı idi?

Təşkilat olaraq ikinci öhdəliyimiz kimi həm əsgərlərə, həm də müharibə zamanı zərər çəkən şəxslərə dəstəyin göstərilməsini görürdük. Müharibənin ilk günlərində PAŞA Holding Silahlı Qüvvələrə Dəstək Fonduna 1 milyon AZN ianə etdi. Bundan əlavə, Qrupumuza daxil olan Şirkətlər müharibə dönəmində çoxlu sayda sosial məsuliyyət yönümlü tədbirlər həyata keçiriblər. Məsələn, PAŞA Bankda çalışan əməkdaşlar müharibə zamanı zərər çəkən Bərdə və Tərtər şəhər və kənd sakinlərinə dəstək məqsədi ilə zərərçəkənləri ziyarət edib. Eynilə, PAŞA Həyat və PAŞA Sığorta şirkətləri tərəfindən Ermənistanın cəbhəyani rayonlarımıza hücumlarından zərər çəkərək, Bərdədə və Tərtərdə məskunlaşan məcburi köçkün ailələrinə yardımlar aparılıb. Bravo supermarketlər şəbəkəsi öz növbəsində Gəncə şəhərinə hücumlar nəticəsində zərər çəkən ailələrə dəstək göstərib. Kapital Bank da asan olmayan vəziyyətdə həm ordu sıralarında xidmət edənlərə, həm də müharibədən zərər çəkmiş vətəndaşlara yaxından dəstək göstərib. Silahlı qüvvələrin hər bir ehtiyacının dövlət tərəfindən qarşılandığına baxmayaraq, bank öz korporativ məsuliyyəti çərçivəsində cəbhənin Füzuli, Cəbrayıl, Zəngilan, Hadrut, Tərtər, Ağdam və Suqovuşan istiqamətində döyüşən 1000-dək əsgərimizin hər birinə gigiyenik vasitələr, isti paltar, şirniyyat, tibbi ləvazimatlar və müharibə şəraitində gərəkli olan digər ilkin ehtiyac vasitələrindən ibarət “Əsgər payı” göndərib. “Əsgər paylarının” təqdim edilməsi PAŞA Travel, Blue Planet və digər şirkətlərimiz tərəfindən də fəal şəkildə həyata keçirilib. “YAŞAT” fondunun əsası yeni qoyulanda, PAŞA Holding və onun maliyyə törəmə şirkətləri fonda dəstək göstərən ilk qurumlardan olub ki, sözügedən şirkətlər tərəfindən fonda təqdim olunan ümumi yardım vəsaiti 2 milyon AZN təşkil edib. Nümunələr çoxdur düzü, hamısını əhatə etmək mümkün deyil, amma demək istədiyim budur ki, bütün Şirkətlərimiz bu dönəmdə “cəbhəyə dəstək” fəaliyyətini əsas prioritet olaraq təyin etmişdi.

Təşəkkür edirəm, Cəlal m., cavabınıza görə. Həqiqətən də bütün fəaliyyətləri, xüsusən də sizin kimi böyük təşkilatın fəaliyyətlərini əhatə etmək çətindir. Bəs Təşkilatınızın töhfələrini ümumiləşdirsək və ya bir ən əsas töhfəsini seçsək, nəyi qeyd edərdiniz?

İnsanlar. Mən bir neçə yerdə qeyd etmişəm ki, bizim şirkətlərimizin ən dəyərli hissəsi bizim insanlardır. Məhz insanlar şirkəti istər irəliyə, istərsə də arxaya aparır. Bizim maliyyə qurumlarımızdan 100-dən, ümumilikdə bütün PAŞA Qrupdan isə 500-dən çox əməkdaş müharibədə iştirak edib. Bütün şirkətlər kimi biz də öz əməkdaşlarımızla həm inanılmaz qürur duyurduq, həm də onların hər biri üçün çox narahat idik. Ölkəmizin Vətən müharibəsində əldə etdiyi qələbəsində bizim əməkdaşlarımızın da payının olması inanılmaz qürurverici bir hissdir və bu hissi onlarla bölüşmək üçün hər birini səbirsizliklə geri gözləyirik. Qələbə itkisiz olmur və təəssüf ki, bizim Qrupun da bu müharibədə itkiləri oldu. Komandamızın bir neçə nümayəndəsi Vətən uğrunda canlarını verərək şəhid oldular. Onların hər birinin qarşısında baş əyirəm və yaxınlarına səbr diləyirəm. Biz şəhid ailələrinə dəstək olmaq üçün bundan sonra da əlimizdən gələni edəcəyik və hər zaman yanlarında olmağa çalışacayıq. Lakin bəllidir ki, nə şəhidlərimizin, nə də onların ailə üzvlərinin borcunu heç vaxt ödəyə bilməyəcəyik.

Doğrudur, Cəlal m., həm əsgərlərimizin, həm də şəhidlərimizin borcu ödənilməzdir. Hər birimiz onların qarşısında bir daha baş əyirik. Düşünürəm, onların arzusu Azərbaycan xalqının azad olunan ərazilərdə firavan yaşaması, o ərazilərin abadlaşdırılması və dirçəlməsi olardı. Sizin şirkət olaraq bu istiqamətdə planlarınız varmı? 

Haqlısınız, azad olunmuş ərazilərdə vətəndaşlarımızın firavan yaşaması həqiqətən də hər birimizin arzusudur. Bildiyiniz kimi, ölkə rəhbərliyi bu istiqamətdə icra olunacaq fəaliyyətləri və dirçəltmə prosesində fəal iştirak edəcək qurumları açıqlayıb. Şübhəsiz ki, bu fəaliyyət dövlət tərəfindən yüksək səviyyədə həyata keçiriləcək. Düşünürəm, sözügedən bölgələri dirçəltmək iri şirkətlərin də növbəti illəri əhatə edən strategiyalarına mütləq qaydada daxil olunmalıdır.  Biz də öz növbəmizdə bu istiqamətdə müxtəlif növ fəaliyyətlər görməyi düşünürük. Həm PAŞA Bank, həm də Kapital Bank, Şuşada yeni filialların açılması məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət edəcəklər. Şuşada filialların açılması PAŞA Sığorta və PAŞA Həyat Sığorta şirkətləri tərəfindən də planlaşdırılır. Bundan əlavə, Kapital Bank azad edilmiş digər bölgələrdə də yeni filiallar açaraq müştərilərə xidmət etməyi planlaşdırır. Eyni zamanda, Otel Qruplarımız bölgənin rifahına əlavə dəyər qatmaq məqsədilə investisiya portfellərini yenidən nəzərdən keçirəcəklər və bu bölgədəki iş mühitini dəyərləndirəcəklər. Düşünürəm, birgə səylərimiz nəticəsində Qarabağ yaxın gələcəkdə regionun mərkəzinə çevriləcək.

Çox sağ olun, Cəlal m., maraqlı söhbətiniz üçün.

Mən təşəkkür edirəm, çox sağ olun.