Bu gün müsahibimiz PAŞA Sığorta şirkətinin İdarə Heyətinin üzvü İnarə Mirhəsənovadır.
İnarə xanım, aldığımız məlumata görə yaxın günlərdə PAŞA Sığorta şirkəti dünyada bu ildən tətbiq olunmağa başlayan IFRS 17 standartına keçid etmişdir. Bu münasibətlə sizi təbrik edirik və bu istiqamətdə maraq doğuran sualları cavablandırmağınızı istərdik.
- IFRS 17 ümumiyyətlə nədir? Standart barədə qısa məlumat verə bilərsinizmi? IFRS 17-nin əsas hansı məqsədlərlə tətbiq olunur və PAŞA Sığorta şirkətinin bu standarta keçidinin səbəbi nədir?
Bildiyiniz kimi, PAŞA Sığorta olaraq etibarlı sığorta şirkəti mövqeyimizə sadiq qalaraq yüksək keyfiyyətə və ödəniş qabiliyyəti standartlarına uyğun olmağa çalışırıq. Bu məqamı rəhbər tutaraq, bütün maliyyə hesabatlarımız illərdir ki, beynəlxalq standartlara (IFRS) uyğun şəkildə hazırlanır. Əsas standarlardan sığorta fəaliyyətini idarə edən İFRS 4 standartı idi. Lakin dünyada baş verən gözlənilməz hadisələr və digər riskləri nəzərə alaraq, Beynəlxalq Mühasibatlıq Standartları şurası uzun illər araşdırmalardan sonra yeni IFRS 17 standartını dərc etdi. Nəticədə 1 yanvar 2023-cü ildən etibarən sığorta fəaliyyətini tənzimləyən köhnə IFRS 4 standartı qüvvədən düşdü və yeni IFRS 17 standartının tətbiqinə qərar verildi.
- IFRS 17-ə keçid prosesi ümumi olaraq nə qədər zaman tələb etdi?
Standartın çətinlikləri barədə öncədən məlumatlı olduğumuzdan 2021-ci ildən etibarən keçid prosesinə başlamışdıq. İlkin olaraq standartın metodologiyası yazıldı, daha sonra isə hesablamalar üçün proqram təminatı alındı və standartın tələbləri qeyd edildi. Nəticədə şirkətimiz 2023-cü ilin illik hesabatlarını bu standartın tələbləri əsasında formalaşdırdı.
- Keçid müddəti ərzində qarşılaşdığınız çətinlikləri bölüşə bilərsizmi? Standarta keçidi necə reallaşdırdınız? Azərbaycanda bu təcrübə ilk olduğu üçün güman edirik ki, layihəyə xarici konsultantlar cəlb olunmuşdur.
Standartın mürəkkəb olduğu öncədən bizə məlum idi. Buna görə ilk növədə yeni standarta keçid planımızı hazırladıq. Uğurlu nəticə əldə etmək üçün fəaliyyət planımızı bir neçə istiqamətdə qurduq. Başlanğıcda əsas hədəflərimizdən biri peşəkarlardan ibarət güclü komandanın formalaşdırılması idi. Düşünürəm ki, məhz bu komandanın sayəsində layihənin öhdəsindən layiqincə gələ bildik.
Əlbəttə ki, belə bir yeniliyin tətbiq olunması üçün şirkətimizə konsultantlar cəlb olundu. Onlar yeni proqram təminatının və metodologiyanın adaptasiyasında bizə köməklik etdilər.
Əsas çətinlik isə vaxt məhdudiyyəti idi. Avropa ölkələrinə nəzər salsaq, qabaqcıl sığorta şirkətləri yeni standarta keçidi pandemiyadan əvvəl başlamışdılar. Biz isə bunu tez bir zamanda etməyi hədəflədik. İkinci çətinlik isə bu sahədə dünyada heç bir sığorta şirkətinin təcrübəsinin olmaması idi. Layihə zamanı yaranmış suallara praktiki deyil, nəzəri cavablar tapa bilirdik. Lakin bütün bunlara baxmayaraq, sonda uğurlu nəticə əldə edə bildik.
- Daha öncə tətbiq olunan IFRS 4 və yeni IFRS 17 arasındakı fərq nədən ibarətdir və yeni tətbiq olunan standartın üstünlükləri barədə məlumat verə bilərsizmi?
Standartda texniki məqamlar çox olduğu üçün bu suala müəyyən terminlərdən istifadə etmədən cavab vermək çətindir. Sadə dildə desəm, IFRS 4 daha çox sığorta şirkətinin cari durumunu dəyərləndirirdi. Yeni IFRS 17 standartı isə bütün gələcək riskləri də nəzərə almağı tələb edir. Həmçinin həmin risklər üzrə əlavə kapitalı formallaşdırır. Bu isə şirkətin maliyyə durumunu daha da möhkəmləndirir və ödəmə qabiliyyətini gücləndirir. Baxmayaraq ki, bütün sadalağım addımlar mənfəətə neqativ təsir edə bilər, müştərilərin etibarını rəhbər tutaraq PAŞA Sığorta bu dəyişikliklərə açıq oldu.
- Digər maliyyə institutlarına bu standarta keçid etməyi tövsiyə edərdinizmi?
Düşünürəm ki, ölkənin bütün sığorta şirkətlərin hədəflərindən biri etibarlı nüfuz yaratmaqdır. Yeni standart isə məhz bu məqsədə xidmət edir. İnanıram ki, IFRS 17-nin tətbiqi daha şəffaf, stabil və risk əsaslı bir mühit yaradacaq. Sadaladığım məqamları nəzərə alaraq sözsüz ki, digər bazar iştirakçılarına da IFRS 17 standartına keçidi tövsiyə edirəm. Biz isə PAŞA Sığorta şirkəti olaraq keyfiyyət dəyərimizə sadiq qalaraq müştərilərimiz üçün ən optimal həlləri təklif etməyə və bazara yeniliklər gətirməyə davam edəcəyik.