7İyun, 2021
Geri qayıt

PAŞA Holding tərəfindən təhsil və gənclərin inkişafına dəstək yönümlü layihələrin icrası davam edir.

Belə ki, mart ayında PAŞA Holding və onun törəmə şirkətlərinin iştirakı ilə Holdinqin nəzdində fəaliyyət göstərən PAŞA Hub çərçivəsində ADA və UNEC universitetlərinin 4-cü kurs və yeni məzun olmuş tələbələri üçün Virtual Karyera Sərgisi həyata keçirilmişdir. Sərginin açılış mərasimində PAŞA Holding, PAŞA Bank, Kapital Bank, PAŞA Sığorta və PAŞA Həyat Sığorta şirkətləri tərəfindən müraciət etmiş tələbələrə şirkətlər barədə ilkin təqdimat edilmişdir. Daha sonra, şirkətlər barədə artıq kifayət qədər məlumatlı olan tələbələr onlara daha maraqlı olan bizneslərin audit, maliyyə, İT, insan resursları, marketinq və digər sahələrinə müraciət edərək müsahibələrdən keçiblər və onları uğurla tamamladıqları halda isə həmən şirkətlərdə təcrübə proqramı keçmək və daha sonra işləmək imkanı əldə ediblər. Qeyd etmək istərdik ki, bu günə olan məlumata əsasən tamamlanmış vakansiyalar üzrə iş təklifi almış tələbələrin sayı 11dir.

Eyni məqsədlə, PAŞA Hub çərçivəsində PAŞA Holding və onun maliyyə törəmə şirkətləri ADA universitetinin “Capstone” layihəsində də iştirak ediblər. Bu layihədə PAŞA Holding və Strateji Aktivlər üçün maraqlı olan biznes yönümlü mövzular ADA universiteti ilə paylaşılıb. Layihə çərçivəsində tələbələr onlara təqdim olunan mövzulardan onlar üçün ən maraqlı olanlarını seçərək araşdırma aparmışlar. Tələbələrə mövzular üzrə PAŞA Qrup şirkətlərindən korporativ kouçlar da dəstək göstəriblər. May ayının 8-ində keçirilən təqdimatda tələbələr üzərində işlədikləri layihələri uğurla müdafiə etmişlər.

Qeyd edək ki, bu kimi layihələr ölkənin gənc tələbələrinə PAŞA Holding barədə məlumatlı olmağa imkan yaradır və gələcəkdə PAŞA Qrup şirkətlərini ilk iş yeri kimi seçməyə sövq edir. Bu da, öz növbəsində, şirkətin “Ən seçilən / arzu olunan iş yeri olmaq” hədəfinə töhfə vermiş olur. Məlumat üçün bildirək ki, PAŞA Hub 2018-ci ildə PAŞA Holding-in nəzdində yaradılan əməkdaşlıq və inkişaf mərkəzidir. Mərkəz fikizi olaraq ADA Universitetində yerləşir və mütəmadi olaraq həm PAŞA Qrup əməkdaşları, həm də xarici auditoriya üçün müvafiq inkişaf proqramları təşkil edərək insan kapitalına uzunmüddətli yatırımlar edir.