2018-ci il oktyabr ayının 11-də "ABAD" (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxsin Qubada "ABAD Factory" İstehsalat Kompleksinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kompleksin açılışında iştirak ediblər. Kompleksdə quru meyvə, qənnadı məmulatı, kompot, gündəlik süd və ət məhsulları istehsal edən 5 sahə fəaliyyət göstərəcək.
Qeyd edək ki, illər boyu yararsız vəziyyətdə olan istehsalat kompleksinin binasında PAŞA Holdinqin dəstəyi ilə əsaslı şəkildə təmir-bərpa işləri aparılıb. Kompleks müasir avadanlıqlarla təchiz olunaraq "Quba ABAD Factory"yə təqdim olunub.
Bundan əlavə, PAŞA Holdinqin dəstəyi ilə "ABAD" publik hüquqi şəxs tərəfindən həyata keçirilən "ABAD Gastro Village" layihəsi çərçivəsində "Quba ABAD Factory"nin qarşısında "Food truck park" yaradılıb.
"ABAD" publik hüquqi şəxs Prezident İlham Əliyevin 2016-cı ildə imzaladığı Fərmanla yaradılıb. "ABAD" rəqabətədavamlı ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verir və sosialyönümlü layihələrin həyata keçirilməsində birbaşa iştirak edir.