PAŞA Holding və Trendyol şirkəti ideya marafonu təşkil edib.
PAŞA Holding eləcə də Türkiyənin aparıcı e-ticarət platforması Trendyol “Sosial təsir üçün Hakaton” (“Hack for social impact”) adlı rəqəmsal ideya marafonu (ideyaton) təşkil edib. Tədbir PAŞA Holding-in “Əlaçı” təqaüd proqramının 100-ə yaxın məzununu bir araya gətirib.
Təşəbbüsün məqsədi sosialyönümlü fəaliyyəti təşviq etmək, sosial təsir yaradan rəqəmsal həllərin formalaşmasına şərait yaratmaq, inklüzivliyin təmin olunmasına dəstək vermək, sosial və ekoloji maarifləndirmə aparmaq idi.
Marafona qatılan komandalar müxtəlif sahələri əhatə edən və xüsusilə həssas əhali qruplarının həyat keyfiyyətinin yaxşılaşdırılması məqsədi daşıyan innovativ ideyalar üzərində çalışıb, sosial məsələlərə yaradıcı və texnoloji əsaslı həll yolları axtarıblar.
Tədbirin sonunda daha innovativ və sosial təsir gücü böyük olan ideyalar mükafatlandırılıb.
Qeyd edək ki, təhsil mövzusu PAŞA Holding-in KSM strategiyasında mühüm yer tutur. Bu istiqamətdə PAŞA Holding və onun törəmə şirkətləri müxtəlif layihələr həyata keçirir ki, bura “Əlaçı” təqaüd proqramı, Təhsilə Doğru, Birincilər, Gələcəyini Qur və digər layihələr daxildir.
