BEYNƏLXALQ EKSPANSİYA

“PAŞA Holding” strateji prioritetlərinə uyğun olaraq regionda inkişaf etməkdə davam edir. Holdinqin diqqət mərkəzində ilk öncə Türkiyə və Gürcüstandır. 17 yanvar 2013-cü ildə “PAŞA Bank” Gürcüstan Mərkəzi Bankı tərəfindən bank fəaliyyətini təsdiqləyən lisenziya ilə təmin olunmuş və rəsmi olaraq 8 fevral 2013-cü ildən etibarən öz fəaliyyətinə başlamışdır. Gürcüstanda fəaliyyət göstərən digər əsas banklar kimi, “PAŞA Bank” da tam xidmət göstərən korporativ bankdır. Bankın kapitalı 59 mln dollar təşkil edir. 2014-cü ilin iyun ayına olan statistikaya əsasən, “PAŞA Bank” Gürcüstanda kapitala görə 10-cu, ümumi aktivlərinin həcminə görə isə 15-ci yeri tutmuşdur.

Bank fərqli sektorlar üzrə müştərilərinin sayının artmasına səy göstərir. Bank özünü uzunmüddətli biznes partnyoru kimi görür və öz fəaliyyətini ölkəmizdən kənarda genişləndirmək istəyən və beynəlxalq ticarətdə maraqlı olan səhmdarlar üçün uyğun seçim hesab edir.

Türkiyənin Banklara Nəzarət və Tənzimləmə Təşkilatı “PAŞA Bank”ın “Aksoy Holding”dən (Türkiyə) “TAİB Bank”ın 99,92%-ni almasını təsdiqləmişdir. “PAŞA Bank” Türkiyə bazarına daxil olmaqla həm Türkiyə, həm də Azərbaycan və Gürcüstanda biznesdə maraqlı olan potensial müştəriləri cəlb etməkdə maraqlıdır. “PAŞA Bank” əmindir ki, bu əməkdaşlıq Türkiyədə və qonşu bölgələrdə biznesin uğurlu inkişafına təkan verən bank platformasını formalaşdıracaq.